GÖRƏN KİMDİR?

Dünyaya gəldikləri gündən etibarən insanlara cəmiyyət tərəfindən verilən bəzi təlqinlər vardır. Bu təlqinlərdən biri və bəlkə də ən əhəmiyyətlisi, ancaq gözlə görülə bilən şeylərin mövcud olduqları, gözlə görülməyən şeylərin isə bir reallıq olmadığı şəklindəki anlayışdır. Bu anlayış cəmiyyətin böyük bir hissəsi tərəfindən qəbul edilmiş və nəsildən-nəslə heç sorğulanmadan, bu şəkildə ötürülmüşdür.

Halbuki insan bir an olsun aldığı təlqinlərdən uzaqlaşıb bitərəf şəkildə düşünməyə başladığında çox fərqli, çox diqqət çəkici bir həqiqətlə qarşılaşar. Həmin həqiqət budur: Doğulduğumuz andan etibarən ətrafımızda gördüyümüz hər şey; insanlar, heyvanlar, çiçəklər, o çiçəklərə məxsus rənglər, qoxular, meyvələr, meyvələrin dadları, planetlər, ulduzlar, dağlar, daşlar, evlər, kosmos, bir sözlə, hər şey beş duyğu orqanımızın bizə təqdim etdiyi hisslərdir. Bu mövzunu daha da aydınlaşdırmaq üçün, əvvəlcə xarici aləm haqqında bizə məlumat verən duyğularımızdan bəhs edə bilərik.

Görmə, eşitmə, iyləmə, dad bilmə, toxunma duyğularımızn hamısı bir-birlərinə bənzər şəkildə işləyirlər. Çöldəki obyektlərdən gələn təsirlər (səs, qoxu, dad, görünüş, sərtlik və s.) sinirlərimiz vasitəsiylə beyindəki hissiyyat mərkəzlərinə ötürülür. Beynə çatan bu təsirlərin hamısı elektrik siqnallarından ibarətdir. Məsələn, görmə əməliyyatı əsnasında çöldəki bir obyektdən gələn işıq dəstələri (fotonlar) gözün arxa tərəfindəki torlu qişaya çatar və burada bir sıra əməliyyatlar nəticəsində elektrik siqnallarına çevrilərlər. Bu siqnallar sinirlər vasitəsiylə beynin görmə mərkəzinə çatdırılar və biz də bir neçə kub santimetrlik görmə mərkəzində rəngarəng, tərtəmiz, eni, uzunluğu, dərinliyi olan bir dünyanı hiss edərik.

Eyni sistem digər duyğularımızda da mövcuddur. Dadlar dilimizdəki bəzi hüceyrələr tərəfindən, qoxular burnun epitel toxumasındakı hüceyrələr tərəfindən, toxunmağa aid hislər (sərtlik, yumşaqlıq və s.) dəri altına yerləşdirilmiş xüsusi qəbuledicilər tərəfindən və səslər isə qulaqdakı xüsusi bir mexanizm tərəfindən elektrik siqnallarına çevrilərək beyindəki əlaqədar mərkəzlərə göndərilər və o mərkəzlərdə qəbul edilərlər.

Mövzunu daha da dəqiqləşdirmək üçün belə bir nümunə verə bilərik: Hazırda bir limonad içdiyinizi düşünək. Əlinizdə tutduğunuz stəkanın sərtliyi və soyuqluğu dəri altındakı xüsusi qəbuledicilər tərəfindən elektrik siqnallarına çevrilərək beynə çatdırılar. Həmçinin limonada aid kəskin iy, onu qurtumladığınız vaxt hiss etdiyiniz şəkərli dad və stəkana baxdığınızda gördüyünüz sarı rəng də əlaqədar duyğularınız tərəfindən bir elektrik cərəyanı halında beynə çatdırılar. Dərhal arxasından masaya qoyarkən stəkanın masaya dəyməsiylə çıxan səs də qulağınız tərəfindən qəbul edilib beynə elektrik siqnalı halında göndərilər və bu hislərin hamısı beyindəki bir-birindən fərqli amma bir-biriylə ortaq şəkildə işləyən duyğu mərkəzləri tərəfindən şərh olunar. Siz də bu şərhin bir nəticəsi olaraq bir stəkan limonad içdiyinizi düşünərsiniz. Bu əhəmiyyətli həqiqət barəsində B. Russel və L. Wittgeinstein kimi tanınmış filosofların düşüncələri belədir:

…Bir limonun həqiqətən mövcud olub-olmadığı və necə bir proses nəticəsində meydana gəldiyi soruşula və araşdırıla bilməz. Limon, yalnız dillə müəyyənləşən dad, burunla hiss edilən qoxu, gözlə görülən rəng və formadan ibarətdir və təkcə bu xüsusiyyətləri elmi bir tədqiqatın və mühakimənin mövzusu ola bilər. Elm, obyektiv dünyanı əsla bilə bilməz.(51)

Yəni, beynimizin xaricindəki maddi dünyaya çatmağımız qeyri-mümkündür. Təmasda olduğumuz bütün obyektlər, əslində görmə, eşitmə, toxunma kimi hisslər toplusundan ibarətdir. Qəbuletmə mərkəzlərindəki məlumatları qiymətləndirən beynimiz, həyatımız boyu maddənin bizim xaricimizdəki "əsli" ilə deyil, beynimizdəki surətləri ilə təmasda olar. Biz isə bu surətləri xaricimizdəki həqiqi maddə zənn edərək yanılarıq.

Bura qədər izah edilənlər bu gün elm tərəfindən qəti şəkildə isbat edilmiş açıq-aydın həqiqətlərdir. Bu sistemlərin fəaliyyətini hansı elm adamından soruşsanız, içində yaşadığınız dünyanın əslində beyninizdə qəbul edilən bir hislər toplusundan ibarət olduğunu sizə izah edə bilər. Məsələn, ingilis fizikaçı John Gribbin beynin verdiyi açıqlamalarla əlaqədar olaraq belə deyir:

...Eşitdiklərimiz isə xarici dünyadan gələn xəbərdarlıqların beynimizdəki şərhidir, sanki, bağçada bir ağac varmış kimi... Lakin beynim; hislərimin süzgəcindən keçən xəbərdarlıqları qəbul edər. Ağac yalnız bir xəbərdarlıqdır. Onda hansı həqiqətdir? Hislərimin ortaya çıxardığı ağacmı, yoxsa bağçadakı ağacmı?(52)

Şübhəsiz ki, bu, üzərində ətraflı şəkildə düşünülməsi lazım olan çox əhəmiyyətli bir həqiqətdir. Bura qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisəsiz bir nəticəyə gətirir: Bizim gördüyümüz, toxunduğumuz, hiss etdiyimiz və adına "maddə", "dünya" ya da "kainat" dediyimiz anlayışlar, əslində beynimizdə şərh olunan elektrik siqnallarıdır. Biz heç vaxt maddənin beynimizdən kənardakı əslinə çata bilmərik. Ancaq xarici aləmin beynimizdə yaranan görünüşünü görər, eşidər və dadarıq.

Məsələn, meyvə yeyən biri əslində meyvənin beynindəki surətiylə təmasdadır, əsliylə deyil. Adamın "meyvə" deyə xarakterizə etdiyi şey, meyvənin forması, dadı, qoxusu və sərtliyinə aid elektrik siqnalı halında olan məlumatın beyində qəbul edilməsindən ibarətdir. Əgər beynə gedən görmə sinirini kəssəniz, meyvə görünüşü də bir anda yox olar və ya burundakı qəbuledicilərdən beynə uzanan sinirdəki bir qopuqluq, qoxu qəbulunu tamamilə aradan qaldırar. Çünki, meyvə beynin bəzi elektrik siqnallarını şərh etməsindən başqa bir şey deyil.

Üzərində düşünülməsi lazım olan ayrı bir məqam da uzaqlıq hissidir. Uzaqlıq, məsələn, bu saytla aranızdakı məsafə, yalnız beyninizdə meydana gələn bir boşluq hissidir. Bir insanın özündən çox uzaqda zənn etdiyi maddələr də əslində beyninin içindədir. Məsələn, insan göyə baxıb ulduzları seyr edər və bunların milyonlarla işıq ili uzaqlıqda olduğunu zənn edər. Halbuki ulduzlar onun içində, beynindəki görünüş mərkəzindədirlər. Bu yazıları oxuyarkən içində oturduğunuzu zənn etdiyiniz otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməyiniz, sizi otağın içində olduğunuza inandırır. Ancaq bunu unutmayın; bədəniniz də beyninizdə yaranan bir görünüşdür.

 

Qapqaranlıq bir məkanda milyonlarla rəng

Bu mövzunu bir qədər də dərin düşünməyə başladığımızda qarşımıza olduqca heyrətamiz həqiqətlər çıxır. Duyğu mərkəzlərimizin yerləşdiyi beyin dediyimiz yer təxminən 1400 qram çəkisi olan bir ət parçasıdır və bu ət parçası kəllə adlanan bir sümük yığınının içərisində mühafizə olunur. Bu elə bir mühafizədir ki, kəllənin içinə çöldən nə bir işığın, nə bir səsin, nə də bir qoxunun daxil olması qeyri-mümkündür. Kəllənin içi qapqaranlıq, tam mənasıyla səssiz, tamamilə qoxusuz bir məkandır.

Amma bu zülmət qaranlıq yerdə milyonlarla fərqli çalardakı rənglər, bir-birindən tamam ayrı dadlar, qoxular, milyonlarla fərqli tondakı səslərlə birlikdə bizə aid bir dünyada yaşayırıq.

 

Bəs bu necə baş verir?

İşıqsız bir yerdə işığı, qoxusuz bir yerdə qoxunu, dərin bir sükunət mühitinin içində güclü bir gurultunu və qəbul etdiyiniz digər hisləri sizə hiss etdirən nədir? Bunları sizin üçün yaradan kimdir?

Əslində yaşadığınız hər an bir cür möcüzə meydana gəlir, olduqca heyrətamiz hadisələr baş verir. Bir qədər əvvəl də danışdığımız kimi, məsələn, içində olduğunuz otağa aid bütün hislər elektrik siqnallarına çevrilərək beyninizə çatır və burada birləşdirilən hislər beyniniz tərəfindən bir otaq görünüşü olaraq şərh olunur. Yəni, siz bir otağın içində oturduğunuzu düşünərkən, əslində otaq sizin içinizdə, beyninizdədir. Otağın beyində olduğu daha doğrusu qəbul edildiyi yer isə, olduqca kiçik, qaranlıq, səssiz bir yerdir. Amma nədənsə bu kiçik yerə, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə sığır. Siz içində oturduğunuz kiçik otağı da, çox böyük bir dəniz mənzərəsini də eyni yerdə qəbul edirsiniz.

Xarici aləmdəki siqnalları şərh edib mənalı hala gətirən, bizim beynimizdir. Məsələn, eşitmə hissini ələ alaq. Qulağımızın içinə gələn səs dalğalarını şərh edərək onu bir simfoniyaya çevirən əslində beynimizdir. Yəni, musiqi beynimizin meydana gətirdiyi bir hissdir. Rənglər əslində gözümüzə çatan işığın fərqli dalğa uzunluqlarıdır. Bu fərqli dalğa uzunluqlarını rənglərə çevirən yenə bizim beynimizdir. Xarici aləmdə rəng yoxdur. Nə alma qırmızı, nə səma mavi, nə də ağaclar yaşıldır. Onlar, yalnız elə qəbul etdiyimiz üçün elədirlər.

Necə ki, gözdəki torlu qişada yaranan kiçik bir qüsur rəng korluğuna səbəb olar. Bəzi insanlar mavini yaşıl, bəziləri isə qırmızını mavi hesab edər. Bu məqamdan sonra çöldəki obyektin rəngli olub-olmaması heç bir əhəmiyyət kəsb etməz. Tanınmış mütəfəkkir Berkeley də bu həqiqətə bu sözləriylə diqqət çəkir:

Əvvəlcə rənglərin, qoxuların və sairənin "həqiqətən mövcud olduğu" zənn edildi; amma daha sonra, bu cür fikirlər rədd edildi və aydın oldu ki, bunlar duyğularımız sayəsində mövcuddur.(53)

Nəticə etibarilə; biz obyektləri onlar rəngli olduğundan ya da çöldə maddi bir varlığa sahib olduqlarından ötrü rəngli görmürük. Çünki, varlıqlara aid etdiyimiz bütün xüsusiyyətlər, "xarici dünyada" deyil, içimizdədir.

Bu da bəlkə də bu günə qədər heç düşünmədiyiniz bir həqiqətdir.

 

İnsanın məhdud məlumatı

Bura qədər izah etdiyimiz həqiqətin göstərdiyi ən əhəmiyyətli nəticələrdən biri, insanın xarici aləm haqqındakı məlumatının əslində olduqca məhdud olmasıdır.

Xarici aləm haqqındakı məlumatlarımız həm beş duyğu ilə məhdudlaşır, həm də bu duyğuların bizə təlqin etdiyi dünyanın "həqiqi dünya" ilə tamamilə uyğun olduğunu göstərəcək heç bir dəlil yoxdur.

Dolayısilə də həqiqi dünya bizim qəbul etdiyimizdən xeyli fərqli ola bilər. Orada bizim qəbul edə bilmədiyimiz bir çox varlıq və bu varlıqların yaşadığı müxtəlif aləmlər ola bilər. Kainatın ən uzaq nöqtələrinə gedib çatsaq belə, yenə də məlumatımız əskik qalacaq.

Bütün varlıqları əskiksiz və qüsursuz bir şəkildə bilən isə, hamısını yaratmış Uca Allahdır. Allahın yaratdığı varlıqlar, ancaq Onun izn verdiyi qədər məlumat sahibi ola bilərlər. Bu həqiqət, Quranda belə xəbər verilir:

Allah... Ondan başqa İlah yoxdur. Diridir, Qaimdir. Onu mürgü və yuxu tutmaz. Göylərdə və yerdə nə varsa hamısı Onundur. Onun izni olmadan Onun qatında kim şəfaət edə bilər? O, önlərindəkini və arxalarındakını bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O çox Ucadır, çox Böyükdür. (Bəqərə surəsi, 255)

 

Hiss edən kimdir?

Hiss edə bilmək üçün xarici aləmə qətiyyən ehtiyac yoxdur. Hər hansı bir şəkildə beynin xəbərdar edilməsiylə bütün duyğular hərəkətə keçə bilər, hislər, görünüşlər və səslər meydana gələ bilər. Yuxularımız bunun ən bariz nümunəsidir.

Yuxu görərkən bədəniniz ümumiyyətlə qaranlıq və səssiz bir otaqda, hərəkətsiz bir şəkildə yatmaqdadır, gözləriniz isə möhkəm şəkildə yumuludur. Çöldən beyninizin qəbul edə bilməsi üçün sizə çatan nə işıq, nə səs, nə də bənzəri bir şey yoxdur. Ancaq yuxunuzda oyanıq olduğunuz vaxtdakı yaşadıqlarınızın çox bənzərlərini, eyni dəqiqlikdə və eyni canlılıqda yaşayırsınız. Yuxuda da səhərlər oyanar, işə yetişməyə çalışar və ya tətilə çıxıb dəniz sahilinə gedər, beləliklə də, orada günəşin istiliyini hiss edərsiniz.

Üstəlik yuxu əsnasında gördüklərinizin reallığından qətiyyən şübhələnməz, ancaq oyandıqdan sonra düşündüyünüz təqdirdə hamısının bir yuxu olduğunu dərk edərsiniz. Yuxunuzda qorxu, həyəcan, sevinc, kədər kimi hislər yaşamaqla yanaşı, həmçinin də müxtəlif görünüşlər görər, səslər eşidər, maddənin sərtliyini hiss edərsiniz. Ancaq ortada bu hiss və duyğulara səbəb olacaq heç bir qaynaq yoxdur. Hələ də qaranlıq və səssiz bir otaqda yatırsınız. Yuxu ilə əlaqədar qarşımıza çıxan bu heyrətamiz həqiqət haqqında tanınmış mütəfəkkir Dekart belə deyir:

Yuxularımda onu-bunu etdiyimi, ora-bura getdiyimi görürəm; oyandıqda isə heç bir şey etməmiş, heç bir yerə getməmiş olduğumu görür və sakit şəkildə yataqda yatdığımı başa düşürəm. Kim mənə hazırda yuxu görmədiyimə, hətta bütün həyatımın bir yuxu olmadığına dair zəmanət verə bilər?(54)

Bu vəziyyətdə qarşımıza çıxan həqiqət açıq-aydındır: Biz içində yaşadığımız dünyanın mövcud olduğunu, bizim o dünyanın içində yaşadığımızı düşündüyümüz halda, əslində belə bir dünyanın əsli ilə təmasda olduğumuzu iddia edə bilməyimiz üçün heç bir səbəb yoxdur.


Beynimiz xarici aləmdən ayrıdırmı?

İndiyə qədər izah etdiyimiz kimi xarici aləm dediyimiz hər şey bizə verilən bir hisdən ibarətdirsə, bütün bunları gördüyünü, eşitdiyini düşündüyümüz beynimiz nədir? Beynimiz də digər hər şey kimi atomlardan, molekullardan yaranan bir yığın deyilmi?

Beyin dediyimiz şey də duyğu orqanlarımızla qəbul etdiyimiz bir ət parçasıdır. Onda bütün bunları qəbul edən kimdir? Görən, eşidən, hiss edən, iyləyən, dad bilən beyin deyilsə, bəs onda nədir?

Bu məqamda qarşımıza çıxan həqiqət açıq-aydındır: İnsan şüur sahibi, görə bilən, hiss edə bilən, düşünə bilən, mühakimə edə bilən bir varlıq olaraq maddəni meydana gətirən atomlardan, molekullardan çox fərqli bir varlıqdır. İnsanı insan edən Allahın ona verdiyi "ruh"dur. Əks halda insanın şüurunu və digər bütün insani qabiliyyətlərini təxminən 1,5 kiloluq bir ət parçasına aid etmək olduqca ağılsız bir iş olacaq.

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş, sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş, sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz! (Səcdə Surəsi, 7-9)

 

Bizə ən yaxın varlıq Allahdır

İnsanlar bir maddə yığını deyil, bir "ruh" olduqlarına görə xarici aləm dediyimiz hislər toplusunu ruhumuza hiss etdirən, daha doğrusu bunları heç dayanmadan yaradan kimdir?

Şübhəsiz ki, bu sualın cavabı olduqca aydındır. İnsana "ruhundan üfləyən"  Allah, ətrafımızdakı hər şeyin yaradıcısıdır. Bu hislərin tək mənbəyi də Odur.  Allahın yaratması xaricində hər hansısa bir şeyin varlığından söhbət belə gedə bilməz. Allah bir ayəsində hər şeyi dayanmadan yaratdığını, yaratmağı dayandırdığı təqdirdə isə gördüyümüz hər şeyin yox olacağını belə xəbər vermişdir:

Şübhəsiz ki, Allah göyləri və yeri məhv olub, dağılmasınlar deyə, hər an qüdrətiylə tutub saxlayır. And olsun, əgər yox olub, dağılsalar, Özündən başqa artıq heç kim onları tutub saxlaya bilməz. Doğrusu O, Həlimdir, bağışlayandır. (Fatir surəsi, 41)

Əlbəttə ki, bu ayədə maddi kainatın Allahın hakimiyyəti altında saxlanılması xəbər verilir. Allah kainatı, dünyanı, dağları, canlı-cansız bütün varlıqları yaratmışdır və onları hər an öz hakimiyyəti altında saxlayır. Allahın Xaliq sifəti bu maddi kainatda təcəlli edir. Allah Xaliqdir, yəni hər şeyi yaradan, yoxdan var edəndir. Bu da bizə beynimizdən kənarda Allahın yaratdığı varlıqlardan ibarət olan maddi bir kainatın mövcud olduğunu göstərir. Ancaq, Allah bir möcüzə və yaratmasındakı üstünlüyün və sonsuz elminin bir təcəllisi olaraq, bu maddi kainatı bizə bir "xəyal", "kölgə" və ya "görünüş" kimi seyr etdirir. Allahın yaratmasındakı mükəmməlliyin bir nəticəsi olaraq, insan, beynindən kənardakı dünyaya əsla çata bilməz. Bu maddi kainatın əslini bilən yalnız Allahdır.

Fatir surəsindəki ayənin başqa bir şərhi də, insanların gördükləri maddi kainat görüntülərini də Allahın hər an hakimiyyəti altında saxlamasıdır. (Ən doğrusunu Allah bilər.) Allah zehnimizə dünya görünüşünü göstərməməyi istəsə, bütün kainat bizim üçün yox olar və bir daha heç vaxt ünsiyyətimiz olmaz.

Bütün bunların nəticəsində həqiqi mütləq varlığın Allah olduğunu dərk edirik. O göylərdə və yerdə olan hər şeyi əhatə etmişdir. Allah Quran ayələriylə də, hər yerdə olduğunu, hər şeyi əhatə etdiyini xəbər vermişdir:

 

Diqqətli olun; Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Diqqətli olun; Həqiqətən, O, hər şeyi əhatə edir. (Fussilət surəsi, 54)

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir (Bəqərə surəsi, 115)

Göylərdə və yerdə nə varsa hamısı Allahındır. Allah, hər şeyi əhatə edəndir.
(Nisa surəsi, 126)

Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir” – demişdik... (İsra surəsi, 60)

...Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O çox Ucadır, çox Böyükdür. (Bəqərə surəsi, 255)

Allah sizi önünüzdən, arxanızdan, sağınızdan, solunuzdan, yəni hər istiqamətdən əhatə etmişdir; hər an, hər yerdə sizə şahid olan, daxilinizə və xaricinizə tamamilə hakim olan və sizə şahdamarınızdan da yaxın olan yalnızca sonsuz qüdrət sahibi olan Allahdır.