MÖHTƏŞƏM BİR CÜT NEMƏT

Siz bu cümləni oxuyub qurtarana qədər gözünüzdə təxminən yüz milyard (100 000 000 000) əməliyyat yerinə yetirildi. Bəlkə də inanmaq çətindir, lakin dünyanın ən möhtəşəm cihazlarından bir cütünə sahibsiniz. Bəşəriyyət hələ də bir bənzərini yarada bilmədi. Həyatınızda sahib olduğunuz hər şey gözləriniz sayəsində bir məna qazandı.

Ailənizi, dostlarınızı, evinizi, işinizi, bir sözlə, həyatınız boyu qarşılaşdığınız hər şeyi sözün əsl mənasıyla gözləriniz sayəsində tanıdınız. Onlarsız xarici aləmi heç vaxt tam olaraq təsəvvür edə bilməzdiniz. Gözləriniz olmasaydı, bir rəngin, bir şəklin, bir mənzərənin, bir insan üzünün, gözəllik deyilən anlayışın necə bir şey olduğunu heç vaxt təsəvvürünüzdə canlandıra bilməzdiniz. Lakin, gözləriniz vardır və bu sayədə ətrafınızı görür, hal-hazırda isə önünüzdəki yazını oxuyursunuz.

Üstəlik, görmək üçün heç bir səy göstərmirsiniz; yalnız görmək istədiyiniz şeyə doğru baxırsınız. Gözünüzə, gözünüzün içindəki hissələrə, gözdən beynə gedən sinirlərə və beyninizə "baxın, görün, bu əməliyyatları yerinə yetirin" əmrini vermirsiniz. Eynilə, yer üzündə yaşayan və yaşamış milyardlarla insan kimi sadəcə baxır və görürsünüz. Diqqətinizi bir cismin üzərində cəmləşdirib onu aydın görmək üçün göz büllurunuzun cismin uzaqlığına görə alması lazım olan radiusun optik ölçülərini, göz bəbəyinə bağlı əzələlərin çox həssas sıxılma dərəcəsini hesablamırsınız. Yalnız o cismi aydın görmək istəyirsiniz, qalanı isə saniyənin çox kiçik bir hissəsində sizin üçün avtomatik şəkildə yerinə yetirilir. Bunun nə qədər böyük bir möcüzə olduğu, bu qədər insan kimi, bəlkə də, bu günə qədər sizin də ağlınıza gəlmədi.

Üstəlik, belə mükəmməl bir cihaza sahib olmaq üçün heç bir səy göstərmədiniz. Doğulduğunuz anda gözlərinizin də (xüsusi bir xəstəliyiniz olmadığı təqdirdə) olduqca qüsursuz bir quruluşa sahib olduğunu gördünüz.

Bu nemətin dəyərini ən yaxşı başa düşənlər də sonradan görmə qabiliyyətlərini itirənlərdir. Əgər bir gün görmə qabiliyyətinizi itirsəniz (belə ki, bu hadisənin baş vermə ehtimalı vardır) o tarixdən sonra gələcəyə aid bütün planlarınız ikinci planda qalacaq və dünyadakı ən böyük istəyiniz, yenidən görmək olacaq. Ya da illər boyu kor olaraq yaşadıqdan sonra bir gün tibbi bir müdaxilə nəticəsində gözlərinizin açıldığını düşünün. Bundan qəti surətdə əmin olun ki, bu dünyada verilə biləcək heç bir şey sizin üçün bundan daha qiymətli olmayacaq, o gün və ondan sonrakı günlərdə sizi heç bir şey bu qədər sevindirib xoşbəxt etməyəcək. Rəbbimiz bir ayədə belə buyurur:

De ki: "Sizi inşa edən (yaradan), sizə qulaq, gözlər və könüllər verən Odur. Necə də az şükr edirsiniz?". (Mülk surəsi, 23)

 

Təkamül yenə çıxılmaz vəziyyətdədir

Bəs, insan üçün bu qədər əhəmiyyətli bir duyğu necə meydana gəldi? Görmə deyə bir anlayış necə yoxdan yarandı? Bir qədər də ətraflı bir şəkildə baxaraq, bu sualı ümumiləşdirək. İnsan beş duyğu üzvü, beyni, uyğunluq  içində çalışan daxili orqanları, əlləri, ayaqları, bədəni və ruhu ilə birlikdə necə meydana gəldi?

Sağlam fikir sahibi və ağlını istifadə edə bilən hər insan bu suala canlıların üstün və qüsursuz bir yaradılış nəticəsində meydana gəldiyi cavabını verəcək. Ancaq bu açıq həqiqəti rədd edən təkamül nəzəriyyəsinin bu suala verəcəyi cavab isə təsadüflərdir. Təkamülçülər bu günə qədər gəlib çatmış canlı-cansız bütün varlıqların, əsla yaradılmadan saysız təsadüflər nəticəsində meydana gəldiklərini iddia edirlər. Ancaq təkamülün bu iddiası həm ağla, həm məntiq qaydalarına, həm də elmə zidddir. Çünki cansız maddələrin canlı əmələ gətirməsi, bir canlıya həyat verməsi qeyri-mümkündür. Elm kainatdakı qüsursuz nizamı təsadüflərin nəticəsi kimi şərh etməyə çalışan təkamül nəzəriyyəsini hər cəhətdən çökdürmüşdür. Bütün elmi dəlillər təkamülçülərin iddialarının ağılsız və elmdən kənar olduğunu göstərir, təkamülçülərin saxtakarlıqlarını bir-bir ifşa edir. Bununla yanaşı canlıların təsadüflərlə açıqlanması mümkün olmayan, mükəmməl bir dizaynın əsəri olduğunu göstərir. Canlılardakı bu qüsursuz dizaynın sahibi bütün kainatı yaradan Allahdır.

Təkamül nəzəriyyəsinin elm qarşısında çökməsinə baxmayaraq, bu gün hələ də dünyadakı bəzi elm adamları və media təşkilatları böyük bir həmrəylik içərisində təkamül nəzəriyyəsinə dəstək olurlar. Ümumiyyətlə tətbiq edilən üsul, dünyanın bir küncündə tapılan bir kəllə sümüyü ilə təkamül zəncirinin əskik bir halqasının tamamlandığını qəzet başlıqlarında dərc edib insanlara elan etməkdir. Halbuki ortada əskik bir halqası tamamlanacaq zəncir belə yoxdur. Üstəlik ortada keçid forması sayılacaq yarı balıq-yarı sürünən, yarı sürünən-yarı quş kimi hər hansı bir qalıq da yoxdur. Buna baxmayaraq, sanki təkamülün bütün mərhələləri isbat edilmiş, təkcə meymundan insana uzanan zəncirdə kiçik əskiklər qalmış təəssüratı yaradılmağa çalışılır.

Əlbəttə ki, təkamülçülərin diqqətləri təkidlə kəllə qalıqlarına çəkmələrinin bir səbəbi vardır. Tarix boyu, irili-xırdalı minlərlə meymun növü yaşamış və bunların 97%-nin nəsli tükənmişdir. Bu meymunların kəllə qalıqlarını böyüklüklərinə və bəzi fiziki xüsusiyyətlərinə görə müəyyən ardıcıllıqla düzüb, bu "meymundan insana uzanan bir zəncir" demək olduqca asandır. Heç bir konkret dəlilə əsaslanmayan xarici görünüşü əks etdirən çəkilmiş xəyali şəkillər, qalıq saxtakarlıqları və hiyləli sıralamalar da təkamül ssenarilərinin təməl vəsaitləridir. Halbuki təkamül hələ mikrobiologiya mərhələsində çökmüşdür. Bununla yanaşı mövcud olan mürəkkəb strukturların yaranma səbəbini heç bir şəkildə izah edə bilmir. Buna görə də təkamülçülər mümkün qədər bu mövzular barəsində müzakirə aparmaqdan qaçınırlar. Bəzən də heç bir cavab xüsusiyyəti daşımayan texniki incəlikləri sadalayaraq, insanlarda guya bu mövzuları da açıqladıqları təəssüratı yaratmağa çalışırlar.



Bu saytın mövzusu olan göz də, "gözləri düşünmək məni bu nəzəriyyədən soyutdu" deyən Darvindən bəri təkamülçüləri çıxılmaz vəziyyətə salan orqanlardan biridir. Gözün quruluşu və funksiyaları öyrənildikdə təkamülçülərin bu qaçışlarının səbəbi daha yaxşı aydın olur. Göz bir çox fərqli hissədən meydana gəlmiş mürəkkəb bir quruluşa malikdir. Heyrət oyandıracaq qədər genişhəcmli funksiyaları vardır. Bunların hamısı gözü meydana gətirən fərqli hissələrin uyğunluq içində çalışması nəticəsində reallaşır. Hissələrdən biri belə olmasa göz öz funksiyasını yerinə yetirə bilməz. Bu da təkamül baxımından çıxılmaz bir vəziyyətdir. Çünki təkamül, mövcud olan bütün orqanların zaman keçdikcə öz-özlərinə meydana gəldiyini irəli sürür. Lakin gözün bütün strukturlarının eyni anda əskiksiz və qüsursuz bir şəkildə yaranmasının zəruriliyi də belə bir prosesin heç vaxt baş verə bilməyəcəyi mənasını verir.

Mövzunu daha yaxşı başa düşmək üçün bir nümunə verək. Göz yaşı ifraz etməyən bir göz, çox qısa bir müddətdə quruyar və kor olar. Üstəlik göz yaşı, antiseptik xüsusiyyəti ilə gözü mikroblardan qoruyar. Təkamülçülər, göz yaşı olmadan bir neçə saat ərzində quruyan gözün, guya təkamül prosesində göz yaşı vəzləri yaranana qədər milyonlarla il öz varlığını necə davam etdirdiyi sualını ağıllarına gətirmək belə istəməzlər. Üstəlik gözün öz funksiyasını yerinə yetirə bilməsi üçün bütün orqan və sistemləriylə mövcud olan bir bədəndən başqa, buynuz qişa, konyunktiva, quzehli qişa, göz bəbəyi, göz bülluru, torlu qişa, xorioideya, göz əzələləri, göz qapaqları kimi toxuma və strukturlara ehtiyacı vardır. Bundan başqa göz və beyin əlaqəsini təmin edən möhtəşəm bir sinir şəbəkəsi və beyində yerləşən olduqca mürəkkəb görmə sahəsi olmadan görə bilmərik. Bütün bu sayılanlar heç bir şəkildə təsadüfən meydana gələ bilməyəcək qədər özünəməxsus və mürəkkəb strukturlara sahibdirlər. Bu strukturlardan hər hansısa biri, məsələn, göz bülluru olmasa göz heç bir işə yaramaz. Üstəlik göz bülluru ilə göz bəbəyinin yerləri dəyişmiş olsa, göz yenə öz funksiyasını yerinə yetirə bilməz. Bir sözlə, gözün quruluşu çox xüsusi bir planın əsəridir. Birinin belə təsadüflər nəticəsində öz-özünə meydana gəlməsi qeyri-mümkün olan bu strukturların müəyyən bir plan və uyğunluq içində eyni anda, eyni yerdə olmalarının, ancaq tək bir etibarlı və məntiqli şərhi vardır. Gözü meydana gətirən bütün hissələr üstün ağla sahib bir güc tərəfindən yaradılmışdır. Bu gücün sahibi isə Allahdır.

Bu cür açıq-aydın bir həqiqəti qəbul etmək insanı əbədi həyatında qurtuluşa aparan yoldakı ilk addımdır. Bu saytın məqsədi həm yaradılış həqiqətini gözlər önünə sərmək, həm də insanın özünü xilas etməsi üçün atacağı addımları da ona göstərməkdir.