GÖZ VƏ TEXNOLOGİYA


Tibb texnologiyasının inkişafına paralel surətdə insan gözünün nə qədər böyük bir möcüzə olduğu daha yaxşı aydın olur. Göz haqqında əldə edilən məlumatların texnologiyada tətbiq edilməsiylə də hər keçən gün əvvəlkindən xeyli təkmilləşmiş kameralar, fotoaparatlar və saysız optik sistemlər hazırlanılır. Ancaq texnologiya nə qədər inkişaf etsə də, hazırlanılan elektronik alətlər gözün primitiv bir təqlidi olmaqdan kənara çıxa bilməmişdirlər. Kompyuter dəstəkli kameralar da daxil olmaqla insanın ixtira etdiyi heç bir alət gözə rəqib ola bilməz.(41)

Gözün fəaliyyət sisteminin təqribi surətdə təqlid edilməsiylə ixtira edilən ən geniş yayılmış optik cihazlardan biri fotoaparatdır. Gözün möcüzəvi fəaliyyət sistemini qısaca olaraq xatırlamaq və nə qədər təkmilləşirsə təkmilləşsin, gözün ən qabaqcıl texnoloji kəşflərdən daha üstün bir quruluş və funksiyaya sahib olduğunu görmək üçün bu alətin bəzi xüsusiyyətləriylə gözü müqayisə edək.


Fotoaparat

Fotoaparatda təməl prinsip etibarilə linza, üç ölçülü dünyanın görüntüsünü iki ölçülü bir müstəviyə köçürər. Görüntü bu müstəviyə olduğundan daha kiçik və başıaşağı şəkildə düşər.

İnsan gözünün ön tərəfində yerləşən buynuzlu qişa ilə daha içəridə yerləşən göz bülluru da görünüşü gözün içinə fokuslayar. Gözün içi sanki qaranlıq bir otaq kimidir, ancaq bu qaranlıq otağın canlı olduğu unudulmamalıdır. Görünüşün başıaşağı düşdüyü yer isə torlu qişa adlı toxumadır. Üzərində görünüşün meydana gəlməsi baxımından torlu qişa, fotolentə bənzədilə bilər. Torlu qişanın vəzifəsi bu görünüşü elektrik siqnalları halında beynə göndərməkdir.


- Dəqiqlik nizamı

Fotoşəkil çəkərkən ediləcək ilk əməliyyat dəqiqliyin tənzimlənməsidir. Görmə əməliyyatında ətrafımızdakı görünüşlərin həssas təbəqə üzərinə dəqiq şəkildə düşməsi üçün göz bülluru görmək istədiyimiz obyektin uzaqlığına görə özünü nizamlamalıdır. Fotoaparatlarda bu əməliyyat əllə, təkmilləşmiş kameralarda isə avtomatik şəkildə yerinə yetirilir. Daha xüsusi məqsədlərlə istifadə edilən mikroskop və teleskoplarda da görüntü dəqiqliyi tənzimlənər. Hər vəziyyətdə bu əməliyyat vaxt aparar.

Halbuki insan gözü bu nizamlama əməliyyatını hər an, çox qısa bir müddətdə öz-özlüyündə yerinə yetirər. Üstəlik istifadə edilən üsul təqlid edilə bilməyəcək qədər üstündür. Göz içində yerləşən göz bülluru, ətrafında yerləşən əzələlər sayəsində görünüşü torlu qişanın üzərinə fasiləsiz surətdə salar. Olduqca elastik quruluşa sahib olan və formasını asanlıqla dəyişdirən göz bülluru lazım olduqda genişlənər, lazım olduqda isə yığılaraq işığın düşdüyü nöqtəni sabit saxlayar.

Əgər gözdəki bu tənzimləmə əməliyyatı öz-özlüyündə reallaşmasaydı, məsələn, insan bir düymənin köməyi ilə baxdığı nöqtəyə fokuslama etmək məcburiyyətində qalsaydı, görmək üçün daim xüsusi bir səy göstərməsi lazım gələcəkdi. Görünüş gah dəqiqləşib, gah da bulanıqlaşacaqdı. Bir obyektə baxıldığında görə bilmək xeyli vaxt aparacaq, həyat böyük ölçüdə yavaşlayacaqdı.

İnsan qarşısındakı müəyyən bir uzaqlıqda dayanan obyekti dəqiq şəkildə görmək istədikdə, aradakı məsafə, göz büllurunun fokuslama nizamı və bunlarla əlaqədar bir çox optik hesablama işləriylə məşğul olmaz. Obyekti dəqiq görə bilmək üçün sadəcə ona baxması kifayətdir. Geridə qalan bütün əməliyyatlar avtomatik şəkildə göz və beyin tərəfindən yerinə yetirilər. Üstəlik bütün bu əməliyyatlar yalnız bir istəmə müddəti qədər, qısa bir müddət davam edər.

 

- İşıq uyğunluğu

Gündüz vaxtı bir fotoaparatla çəkilən fotoşəkil aydın olar. Eyni lent və aparatla gecə vaxtı ulduzlar və səma çəkildikdə isə fotoşəkildə heç bir şey görünməz. Halbuki göz qapaqları saniyənin onda biri qədər müddətdə açıldığında belə ulduzlar çılpaq gözlə görülə bilər. Çünki göz çox müxtəlif işıqlanma şərtlərinə və müxtəlif işıq şiddətlərinə görə özünü hər an avtomatik şəkildə nizamlaya bilər. Bunu təmin edən göz bəbəyinin ətrafındakı əzələlərdir. Əgər mühit qaranlıq olsa, bu əzələlər açılar, göz bəbəyi genişlənər və gözə daha çox işığın daxil olması təmin edilər. Əgər mühit işıqlı olsa, bu dəfə əzələlər bağlanar, göz bəbəyi kiçilər və içəri daxil olan işığın miqdarı azaldılar. Bu sayədə həm gecə, həm də gündüz vaxtı görünüş aydın olar.

 

- Rəngli dünyaya açılan pəncərə

Göz, obyektin eyni anda həm ağ-qara, həm də rəngli fotoşəklini çəkər. Daha sonra bu fotoşəkillər beyində birləşdirilərək normal görünüş halını alar.

Torlu qişa təbəqəsində yerləşən çubuq hüceyrələri görünən obyektin ağ-qara görünüşünün necə olacağını müəyyənləşdirərlər. Çubuq hüceyrələrinin başqa bir funksiyası da baxılan obyektin formasını və xətlərini incəlikləriylə bərabər qəbul etməkdir. Konus hüceyrələri isə obyektin formasını deyil, rənglərini müəyyənləşdirərlər. Nəticədə hər iki hüceyrədən qəbul edən siqnalların qiymətləndirilməsiylə, xarici aləmin görünüşü şəkillər və rənglər halında beyində meydana gələr.

 

- Üstün texnologiya

Gözün fotoaparat ilə müqayisə edilməsi yalnız mövzunun daha yaxşı başa düşülməsi üçün müraciət edilmiş bir üsuldur. Əslində fotoaparat gözə görə olduqca sadə bir quruluşa malikdir. Hətta gözün görünüş çatdırma texnikası ən inkişaf etmiş kameralardan belə qat-qat üstündür. Nəticə etibarilə də gözün çatdırdığı görüntü insan məhsulu olan hər hansısa bir cihazın çatdıra bildiyi görüntüdən daha keyfiyyətlidir.

Bir videoaparatın iş prinsipləri öyrənilərsə, haqqında danışılan həqiqət daha yaxşı aydın olar. Videoaparatın iş prinsipi görüntülərin deyil, bir görüntünü yenidən meydana gətirəcək az ya da çox saydakı işıqlı nöqtələrin çatdırılmasına əsaslanır. Buna görə də kamera qarşısındakı obyekt sətir adlanan müəyyən sayda qurşağa bölünmüş olduğu üçün, görüntünün televizor vasitəsilə yayımlanması əsnasında bir "darama" əməliyyatına müraciət edilər. Bir fotoelement lampası, belə bir sətirin bütün nöqtələrini soldan sağa ardıcıl görər. Hamısının işıq vəziyyətini qiymətləndirər və sonunda bunlara əsaslanaraq bəzi siqnallar verər. Bir sətiri başdan axıra qədər daradıqdan sonra, növbəti sətrə keçər və darama əməliyyatı beləcə davam edər. Məsələn, Avropada, 625 sətrə bölünən bir görünüşün saniyədə 25 dəfə daranmasıyla televizor ekranındakı görünüş meydana gələr. Bütöv bir görünüş tamamlandıqda, yeni bir görünüş ötürülür. Bu yolla ötürülən bildirişlərin sayı xeyli çoxdur və siqnallar baş gicəlləndirici templə hazırlanılır.

Gözün bütün bu izah etdiklərimizdən xeyli üstün bir fəaliyyət mexanizminə sahib olduğu, üstəlik heç bir qulluq və hissə dəyişikliyinə ehtiyac duymadığı düşünülsə onun quruluşunun nə qədər heyrətamiz və mükəmməl olduğu çox dəqiq şəkildə aydın olar.(42)

 

Ortaq xətt istifadəsi

Ağ təbəqə üzərindəki hüceyrələr bir sinir xətti vasitəsilə birbaşa beynə bağlanarlar. Hüceyrələr siqnallarını bu xətlərlə beynə ötürərlər. Ağ təbəqədə yerləşən 140 milyon hüceyrəyə müvafiq olaraq görmə sinirlərinin yalnız 1 milyon sinir xətti vardır. Yəni, hər 140 hüceyrəyə yalnız 1 xətt düşər. Normal şərtlərdə bu olduqca böyük bir problemdir və bunun aradan qaldırıla bilməməsi görünüşün meydana gələ bilməməsinə səbəb olar. Elə isə necə olur ki, hər bir hüceyrənin göndərdiyi siqnal beynə tam şəkildə gəlib çatır və beləliklə də görmə prosesi reallaşır.

Sualı cavablandırmadan əvvəl insan məhsulu olan telekommunikasiya sistemlərinin müasir dövrdə çatdığı son nöqtəni araşdırmaq yerində olar. Qitələralararası xəbərləşmədə olduqca təkmilləşmiş sistemlərdən istifadə edilər və hər an minlərlə görüş keçirilər. Buna baxmayaraq mövcud xəttlər, görüşmə sayı ilə müqayisədə olduqca azdır. İstifadə edilən yüksək səviyyədə inkişaf etmiş bir sistem sayəsində tək bir xəttə birdən çox danışıq yüklənilə bilər. Bu danışıqların siqnalları xətdən növbə ilə yer dəyişmək surətiylə keçərlər. Bu yer dəyişdirmə əməliyyatı o qədər sürətlə baş verər ki, hər kəs yalnız özünə aid bir xətt olduğunu zənn edər. Bir xətdə hər saniyədə yüz dəfələrlə bir əlaqənin alınıb, başqasına verilib, sonra təkrar geri alındığı hiss edilməz belə. Xətlərdən böyük ölçüdə qənaət təmin edən bu sistem gözdəki sistemin bir surətindən başqa bir şey deyil.

Göz ilə beyin arasında olan sinir xəttləri də eyni şəkildə hüceyrələr tərəfindən ortaq şəkildə istifadə edilərlər. Beləcə milyonlarla hüceyrədən çıxan elektrik siqnalları hər an beynə çatar.

Bu nümunədən də göründüyü kimi insan bədənində olduqca inkişaf etmiş bir sistem vardır. İndi isə bu sistemi təkamül nəzəriyyəsinin iddiaları istiqamətində (reallaşması qətiyyən qeyri-mümkün olan fərziyyələrlə) şərh etməyə çalışaq.

Gözü meydana gətirən bütün təbəqələrin, göz büllurunun, buynuzlu qişanın, göz əzələlərinin, beynin, beyinlə əlaqə saxlayan bir milyon sinir kanalının, torlu qişanı meydana gətirən 140 milyon hüceyrənin, göz qapağının, göz yaşının, göz yaşı vəzlərinin, gözü bəsləyən qan və limfa damarlarının və içlərindəki qan və limfanın hamısının eyni anda, bir-birləriylə əlaqəli bir şəkildə (bütün qeyri-mümkünlüyünə baxmayaraq) təsadüfən meydana gəldiklərini fərz edək. Görmə yenə baş verməyəcəkdi, çünki mövcud kanallar beyinlə əlaqə qurmaq üçün kifayət etməyəcəkdi. Mövcud siqnalların sadəcə 140-da biri beyinə çatacaq, qırıq və ya əksik siqnallara görə görüntü əmələ gəlməyəcəkdi.

Bu maneə necə aradan qaldırıldı? Görəsən sinir hüceyrələri və torlu qişanı meydana gətirən hüceyrələr öz aralarında danışıqlar aparıb bir planmı qurdular? Ya da bu hüceyrələr rabitə təlimindən keçib öz-özlərinə, bir xəttdən 140 ayrı siqnalı göndərə biləcək sistemimi meydana gətirdilər?

Yəqin ki, aparılan müzakirələr nəticəsində problemi həll edə biləcək tək yol hüceyrələr tərəfindən yekdilliklə qəbul edildi. Bundan sonra hüceyrələrin hamısı, öz hazırladıqları bu bənzərsiz plana görə hərəkət etdilər. Hər xətt orta hesabla 140 hüceyrənin siqnallarını ötürməyə başladı. Həm siqnal mənbələrinin sıralarını dəyişdirərək, həm də bir saniyədə minlərlə siqnal ötürərək...

Lakin, təkcə bu sistemi qurmaq kifayət deyildi. Bu sistem növbəti nəslə də köçürülməliydi. Bu dəfə də aparılan tənzimləmə əməliyyatı nəticəsində minlərlə pillə genetik məlumat, bu sistemin məlumatlarını köçürə biləcək bir şifrələmə üsuluyla tam bir şəkildə göz hüceyrələrindən çox uzaqda yerləşən çoxalma hüceyrələrinə yerləşdirildi. Əgər bu olmasaydı, növbəti nəsil yenə kor doğulacaq və yaşaya bilməyəcəkdi.

Əgər qeyri-kafi xətlərlə əlaqədar problem həll edilə bilməsəydi, gözü meydana gətirən digər hissələr, buynuzlu qişa, torlu qişa, göz bülluru, göz bəbəyi, göz əzələləri, hər şey boşuna meydana gəlmiş olacaqdı. Bu üstün mexanizmlər canlının ölməsiylə birlikdə yox olub gedəcəkdi.

Göründüyü kimi bu sistemi və gözü meydana gətirən hər təbəqə, hər hissə, eyni anda meydana gəlməlidir. Göz bütöv bir halda meydana gəlmişdir, yəni, Allah tərəfindən yaradılmışdır.

De ki: "Siz tapındığınız ortaqlarınızı gördünüzmü? Mənə xəbər verin; yerdən nəyi yaratmışlar? Ya da onların göylərdə bir ortaqlığımı var? Yoxsa Biz onlara bir sayt vermişik də onlar bundan (ötrü) açıq-aşkar bir sənədə əsaslanırlar? Xeyr! Zalımlar bir-birinə ancaq yalan vəd verirlər". (Fatir surəsi, 40)